Dünya
Argentina Folklend adalarını geri qaytarmaq istəyir
Argentina Çaqos arxipelaqının Böyük Britaniya tərəfindən Mavrikiyə verilməsindən sonra Folklend adaları (Malvin adaları) üzərində suverenliyini bərpa etmək niyyətindədir.
Qaynarinfo xəbər verir ki, bu barədə Argentinanın xarici işlər naziri Diana Mondino X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində bildirib.
"Başladığımız yolu davam etdirərək, konkret fəaliyyətlə biz Malvinas adalarımız üzərində tam suverenliyi bərpa etmək niyyətindəyik", deyən nazir Mavrikinin Britaniyanın nəzarəti altında olan Çaqos arxipelaqını geri almağa müvəffəq olduğunu vurğulayıb.
Folklend adaları Argentina ilə Böyük Britaniya arasında Atlantik okeanının cənub-qərb hissəsində yerləşən mübahisəli ərazidir. İki böyük adalardan - Şərqi Folklend (Soledad) və Qərbi Folklend (Qrand Malkina) və 200-ə yaxın kiçik adalardan ibarətdir. Onun sahəsi 12,1 min km2, əhalisi 3 min nəfərdir. Rəsmi dil ingilis dilidir. Hakim din protestant, inzibati mərkəzi Port-Stenli şəhəridir.
Arxipelaq ilk dəfə 1591-ci ildə ingilis dəniz səyyahı Con Deyvis tərəfindən kəşf edilib. Lakin buraya ilk dəfə özlərinin ayaq basdıqlarını iddia edirlər. Atlantik okeanından Sakit okeana üzən gəmilər üçün xüsusi önəm daşıyan bu mühüm coğrafi məntəqə üstündə ingilislərlə ispanlar uzun onillər boyu mübarizə aparıblar və bu yolda xeyli qan töküblər. 1764-cü ildə fransızlar Folklend adalarını müstəmləkəyə çevirib, 1766-cı ildə İspaniyaya satıb. Adalar uzun illər əldən-ələ keçib. O da məlumdur ki, bir müddət buralara fransızlar sahib çıxıblar. Onların burada elmi tədqiqatlar aparıblar.
1810-cu ildə argentinalıların əlinə keçib, adalar üzərində 1820-ci ildə Argentinanın suverenliyi elan edilib. 1833-cü ildə isə ingilislər buraya hücum edərək arxipelaqı işğal ediblər. I Dünya müharibəsi illərində adanı almanlar ingilislərin əlindən almağa cəhd etsələr də, buna nail ola bilməyiblər.
Lakin Argentina uzun illərdir ki, arxipelaqı özünə qaytarmaq üçün ciddi cəhdlər göstərir. BMT-nin Baş Məclisi 1965-ci ildə qəbul etdiyi qətnamədə mübahisənin dinc yolla həllini tapmağa çağırıb. 1982-ci ildə isə Argentina məsələni hərbi yolla həll etmək qərarına gəlir və adaya ordu çıxarılır. Bu zaman iki dövlət arasında müharibə başlayıb. "Dəmir ledi" Marqaret Tetçerin başçılıq etdiyi o vaxtkı Böyük Britaniya hökuməti ən yaxın müttəfiqi ABŞ-nin hərbi və siyasi dəstəyi ilə Argentinanı ağır məğlubiyyətə düçar edib. İki aya yaxın davam edən müharibədə 649 argentinalı və 255 britaniyalı həlak olub.
Qeyd edək ki, Çaqos arxipelaqının öz suverenliyinə qayıtması ilə Mavriki yarım əsrdən çox əvvəl başlayan dekolonizasiya prosesini tamamlayıb. Bu barədə ölkənin baş naziri Pravind Juqnaut özünün "Instagram" səhifəsində yazıb.
"Bu gün, müstəqillikdən 56 il sonra, bizim dekolonizasiyamız tamamlandı", deyə Pravind Juqnaut bildirib.
Belə bir bəyanatın verilməsinə səbəb oktyabrın 3-də Böyük Britaniya ilə Çaqosun Mavriki yurisdiksiyasına verilməsilə bağlı əldə edilmiş razılaşma olub.
Mavriki 1814-cü ildən Britaniyanın müstəmləkəsi olub və 1968-ci ildə müstəqillik qazanıb. London qanuni olaraq Çaqos arxipelaqını ayıraraq Hind okeanında ayrıca Britaniya koloniyası yaradıb. Ən böyük ada olan Dieqo Qarsiya ABŞ-a icarəyə verilib və onun üzərində Orta Şərq, Cənubi Asiya və Şərqi Afrikadakı əməliyyatlar üçün çox əhəmiyyətli sayılan Britaniya-Amerika hava bazası tikilib. London və Port-Luis hava bazasının 99 il müddətinə icarəyə verilməsi ilə bağlı müqavilə bağlayıb. ABŞ bu qərarı dəstəkləyib.
Afrikada ada dövləti olan Mavriki Hind okeanında, Afrikaya aid edilən Madaqaskar adasından 700 km şərqdə yerləşir. Ölkənin coğrafi və hərbi strateji mövqeyi çox əlverişlidir. Çünki ada Afrikadan Hindistana, Cənub-Şərqi Asiya ölkələrinə və Avstraliyaya gedən beynəlxalq dəniz və hava yolları üzərindədir.
Onu da qeyd edək ki, sentyabrın 13-də Azərbaycan əsilli jurnalist və teleaparıcı İradə Zeynalova Rusiyanın Mavriki Respublikasındakı səfiri təyin edilib. Müvafiq sərəncamı Rusiya prezidenti Vladimir Putin imzalayıb.
Aydın