Siyasət

İrəvandan Konstitusiya dəyişikliyi ilə bağlı yeni açıqlamanın gizlinləri (ŞƏRH)

"Ermənistan XİN rəsmisinin səsləndiyi fikirlər heç nəyə zəmanət vermir".   Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov Ermənsitan XİN sözçüsü Ani Badalyanın İrəvan və Bakı arasında sülh müqaviləsinin istənilən daxili qanunlardan daha yüksək hüquqi qüvvəyə malik olacağı barədə bəyanatını şərh edərkən deyib. Fərhad Məmmədov bildirib ki, bu yaxınlarda sərhədlərin delimitasiya və demarkasiyası üzrə dövlətlərarası komissiyanın reqlamentinə Ermənistan Konstitusiya Məhkəməsi rəy verib.  "Rəydə qeyd edilir ki, ərazi iddiası tərkibi olan müstəqilik haqqında deklarasiyaya istinad Ermənistan Lonstitusiyasının preambulasında əks olunub. Konstitusiya Məhkəməsinin rəyində də qeyd edilir ki, preambula dəyişməzdir. Yəni onu hətta referendum vasitəsilə istəsələr belə dəyişə bilməzlər. Lakin Ermənistan Konstitusiya Məhkəməsi qeyd edir ki, müstəqillik haqqında deklarasiya siyasi-ideoloji sənəddir və o, əsas qanunda öz əksini tapmayıb. Yəni Konstitusiya normaları kimi hüquqi qüvvəsi yoxdur".   Həmsöhbətimizin fikrincə, ermənilər belə yarımçıq addımlarla Azərbaycan tərəfini inandırmağa çalışırlar ki, müstəqillik haqqında deklarasiyada yer alan ərazi iddiası məsələsi Konstitusiya norması deyil: "Nəzərə almaq lazımdır ki, 1998-ci ildə Robert Koçaryanın seçkilərdə iştirakı da həmin deklarasiya ilə tənzimlənib. Yəni bu məqam deyir ki, Ermənistanın Konstitusiya Məhkəməsinin hazırkı tərkibi Paşinyan tərəfindən müəyyən olunduğu üçün Əsas Qanuna bu gün bir cür izah verir, sabah isə tamamilə fərqli izah verilə bilərlər. Ona görə də Ermənistan XİN rəsmisi tərəfindən səslənən fikirlər yüz faizlik zəmanət deyil. Azərbaycanın təkidli, prinsipial mövqeyinə görə, Ermənistan konstitusiyasından ya preambula tam yığışdırılmalı, ya da referendum elə keçirilməlidir ki, gələcəkdə konstitusiyada fərqli interpretasiya edə bilməmələri üçün deklarasiyaya hər hansı bir istinad olmasın".  Qeyd edək ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan İrəvan və Bakı arasında sülh müqaviləsinin istənilən daxili qanunlardan daha yüksək hüquqi qüvvəyə malik olacağını deyib. O, Ermənistan Konstitusiyasının dəyişdirilməsi, Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəaların çıxarılması ilə bağlı rəsmi Bakının tələblərini belə şərh edib.  "Sülh müqaviləsi Ermənistan və Azərbaycan tərəfindən imzalananda, Konstitusiya Məhkəməsindən onun Konstitusiyaya uyğunluğu barədə rəy alanda və Ermənistan parlamentində ratifikasiya edildikdə, o, istənilən daxili qanunlardan daha yüksək hüquqi qüvvəyə malik olacaq”, deyə XİN-in nümayəndəsi izah edib.  Badalyanın fikrincə, sülh müqaviləsinin imzalanması qanunvericilik aktları ilə bağlı bütün narahatlıqları aradan qaldıracaq. Rüfət Sultan