Digər

Çexiyada mina qurbanlarına həsr olunmuş sərgilər keçirildi

Okyabrın 12-si və 13-ü Çexiyanın paytaxtı Praqa şəhərində mina qurbanlarına həsr olunmuş fotosərgilər keçirilib. Fotosərgilər "Gilavar Foto Klubu” ictimai birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə və Çexiyada fəaliyyət göstərən "Land of Fire” təşkilatının təşkilati dəstəyi ilə həyata keçirilib. Qaynarinfo xəbər verir ki, "Düyməni sıxan ayaqlar” adlı ilk fotosərgi şəhərin tarixi mərkəzində yerləşən Qədim Şəhər Meydanında (Staromestske namesti) təşkil olunub. Həmin meydanın sahəsi təxminən 9 min kvadrat metr təşkil edir. 20 fotoşəkildən ibarət sərgi insanların daha çox hərəkət etdiyi ərazidə qurulub. Bununla da çoxlu sayda turist və yerli sakin fotosərgini ziyarət edə bilib. Sərginin ikinci günü insanların ən çox ziyarət etdiyi məkanlardan sayılan Respublika Meydanında (Namesti Republiky) baş tutub. Praqada və Avropanın digər şəhərlərində yaşayan azərbaycanlılar da sərgi ilə yaxından tanış olublar. Tədbirdə Azərbaycanın Çex Respublikasındakı Səfirliyinin əməkdaşları da iştirak ediblər. Həmçinin, sərgidə Azərbaycanın üçrəngli bayrağı, eləcə də Gilavar Foto Klubunun bayrağı dalğalandırılıb. Layihə rəhbəri Rəşad Mehdiyev bildirib ki, iki gün davam edən sərgilər zamanı minlərlə insan Azərbaycanda bu günə qədər davam edən mina terroru ilə bağlı ətraflı məlumat əldə edib. Sərgidə nümayiş olunan fotoşəkillər peşəkar fotoqraf Famil Mahmudbəyli tərəfindən çəkilib və Azərbaycanda çap olunaraq aparılıb. Hər bir fotonun yanında məlumat xarakterli lövhələr də təqdim olunub. Orada mina qurbanlarının hekayələri ingilis dilində əks olunub. Sərgini ziyarət edən şəxslərə bu günə qədər davam edən mina terroru haqqında şifahi olaraq da məlumatlar verilib. Fotosərgilər «Təhlükənin kulMİNAsiya nöqtəsi» adlı fotolayihənin tərkib hissəsidir. Layihənin əsas məqsədi mina qurbanlarının sayının artmasının qarşısının alınmasına dəstək vermək, müxtəlif dövrlərdə Azərbaycan Respublikasının ərazisində mina partlayışları nəticəsində zərərməkmiş insanların düşdüyü vəziyyətlərini fotolar vasitəsilə göstərmək, onların acı həyat hekayələrini öz dillərindən eşitmək, cəmiyyətə və bütün dünyaya mesaj ötürməkdir. İnsanları mina və partlamamış hərbi sursatlar, minaların yaratdığı təhlükə və onlardan qorunma qaydaları barədə məlumatlandırmaqdır. Layihə çərçivəsində 30 ildən atrıq müddətdə mina hadisəsi qurbanları olan insanlar ilə görüşlər keçirilib, bu insanların acı durumu fotolarda olduğu kimi göstərilib. Qeyd edək ki, "Gilavar Foto Klubu” ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üçün elan etdiyi böyük qrant müsabiqəsinin "İtkin düşmüş, əsir və girov götürülmüş şəxslərin hüquqlarının müdafiəsi, mina və partlamamış hərbi sursatların yaratdığı təhlükə və onunla mübarizə” mövzusu üzrə qaliblərindən biridir.