Dünya

İsrail ordusu Livanda BMT-nin müşahidə qülləsi və hasarını "qəsdən dağıdıb"

İsrail Müdafiə Qüvvələri (İMQ) Livanın cənubunda Marvahine kəndində yerləşən BMT Sülhməramlı Qüvvələrinin (UNIFIL) müşahidə qülləsini və perimetr boyu hasarını "qəsdən məhv edib". Qaynarinfo xəbər verir ki, bu barədə UNIFIL-in BMT-nin saytında dərc edilən bəyanatında deyilir. "Biz bir daha İMQ və bütün qurumlara BMT personalının və əmlakının təhlükəsizliyini təmin etmək və BMT binalarının toxunulmazlığına hər zaman hörmət etmək öhdəliklərini xatırladırıq", - bəyanatda deyilir. UNIFIL həmçinin xatırladıb ki, BMT obyektinə hücum və onun əmlakına dəyən ziyan beynəlxalq hüququn və Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin kobud şəkildə pozulmasıdır. Qətnamə yekdilliklə qəbul edilib və 2006-cı ildə İsrail və Hizbullah arasında müharibəyə son qoymaq və İsrail ilə Livan sərhədində təhlükəsizliyə aparan yolları müəyyənləşdirmək məqsədi daşıyır. Bəyanatda həmçinin qeyd olunur ki, İsrail ordusu dəfələrlə UNIFIL-dən Mavi xətt boyunca mövqelərini boşaltmağı xahiş edib və BMT-nin mövqelərinə qəsdən zərər vurub. Missiyaya və qoşun yerləşdirən ölkələrə təzyiqlərə baxmayaraq, missiya sülhməramlıların bütün mövqelərində qaldığını vurğulayıb. "Biz monitorinq və hesabat tapşırıqlarımızı yerinə yetirməyə davam edəcəyik", - missiyadan bildirilib. Nizami Bağırov