Texnologiya

Azərbaycan startapı Qazaxıstanda mükafata layiq görüldü

Qazaxıstanda "Google” şirkəti ilə əməkdaşlıq çərçivəsində "Qafqaz və Mərkəzi Asiya 2024” hakatonu keçirilib. Astanada təşkil olunan və 7 ölkədən 120-dən çox iştirakçının yarışdığı hakatonda Azərbaycan startapı "Farm Forward” 3-cü yerə sahib çıxıb. Startapın sahibi Altun Tarverdiyev hakaton təşkilatçıları tərəfindən təltif olunub. Tədbirdə ölkəmizi rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.  Səfər çərçivəsində nazir müavini Samir Məmmədov "Google” şirkətinin vitse-prezidenti Olqa Skorokodova və Qazaxıstan Respublikasının rəqəmsal inkişaf nazirinin müavini Kanış Tuleyuşinlə görüş keçirib. Görüşlər zamanı Samir Məmmədov Azərbaycanın rəqəmsal transformasiya çərçivəsində ekoloji tarazlığın qorunmasına yönəlik siyasəti dəstəklədiyini və noyabrda Bakıda keçiriləcək COP29 tədbiri zamanı da bu istiqamətdə səmərəli addımların atılmasının vacibliyini qeyd edib. Nazir müavini bildirib ki, Azərbaycan yeni açılmış İnnovasiya Mərkəzinin potensialının artırılması istiqamətində startaplarla əməkdaşlığa açıqdır. Qeyd edək ki, "Dayanıqlı İnkişaf üçün Süni İntellekt Yarat!” devizi ilə baş tutan "Qafqaz və Mərkəzi Asiya 2024” hakatonu süni intellekt əsaslı startapları bir araya gətirib. Yarışda 21 startap final mərhələsinə keçib və münsiflər heyəti tərəfindən ən yüksək xalla qiymətləndirilən 3 komanda mükafata layiq görülüb. Qalib komandalara pul mükafatı verilib, inkubasiya dəstəyi və qlobal texnoloji firmalarla əməkdaşlıq imkanları yaradılıb.