Dünya
Çin Şimali Koreya qoşunlarının Ukraynaya göndərilməsindən narazıdır - FT
Çin Pxenyanın Ukraynaya qarşı müharibəyə qoşun göndərməsindən sonra Şimali Koreyanın Rusiya ilə dərinləşən əlaqələrindən narazı ola bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times” yazıb.
Analitiklər Pekinin narazılığının əlamətlərini ötən həftə Si Szinpinin Kim Çen Ina göndərdiyi məktubda görüblər. Məktubda Çin lideri Şimali Koreyanın ənənəvi olaraq "dost qonşu ölkə" kimi qeyd olunmadan kommunist Çinin yaranmasının 75-ci ildönümü münasibətilə onu təbrik etdiyi üçün Kim Çenə təşəkkür edib.
Xarici kəşfiyyat agentlikləri 12 mindən çox Şimali Koreya əsgərinin Ukraynaya qarşı müharibədə iştirak etmək üçün Rusiya Federasiyasına göndərildiyini elan etdikdən sonra Pekinin qonşularının yaxın hərbi əlaqələri ilə bağlı narahatlığı daha da güclənib. FT yazır ki, Çin üçün bu, "Koreya yarımadasındakı kövrək qüvvələr balansını pozmaq təhlükəsi yaradan" tərəfdaşlığın kəskin artmasıdır.
"Şimali Koreya qoşunlarının yerləşdirilməsi dramatik bir addımdır və bu, Çinin heç xoşuna gəlməyəcək", deyə Seulda yerləşən Kookmin Universitetinin Şimali Koreya üzrə eksperti Andrey Lankov deyir.
Daha sıx Rusiya-Şimali Koreya əlaqələri ABŞ, Yaponiya və Cənubi Koreyanı Şərqi Asiyada hərbi ittifaqlarını gücləndirməyə sövq edə bilər. Materialda deyilir ki, Pekin nəyin bahasına olursa olsun, Soyuq müharibənin ilk illərindəki hadisələrin təkrarlanmasının qarşısını almaq istəyir. Həmin vaxt SSRİ, Şimali Koreya və Çin Cənubi Koreya, Yaponiya və ABŞ-ın cənub üçbucağına qarşı şimal üçbucağı yaratmışdılar.
Analitiklərin fikrincə, bundan əlavə, Pekin, ABŞ-ın dəstəklədiyi Cənubi Koreyaya qarşı həyati bufer dövlət kimi baxdığı Şimali Koreya üzərində təsirini itirmək perspektivindən narazıdır.
Çin də müharibəyə cəlb olunmaq perspektivindən ehtiyatlanır. Şanxayda yerləşən beynəlxalq əlaqələr üzrə professor Şen Dinqlinin sözlərinə görə, Şimali Koreya qoşunları Ukrayna üçün qanuni hədəf olacaq. Və Çin və Şimali Koreya arasında müdafiə sazişi olduğundan, Pekin Şimali Koreya ordusuna hücum olarsa, qanuni olaraq öz qoşunlarını göndərməyə borclu olacaq.
Analitiklərin fikrincə, Si Szinpin Rusiyanın Şimali Koreyaya nüvə imkanlarını təkmilləşdirməyə kömək etməsindən də narahatdır. Bu, regionda silahlanma yarışını sürətləndirə bilər. Eyni zamanda ekspertlər Rusiyanın 2022-ci ilin fevralından dəstəyinə ümid etdiyi Çinlə deyil, Şimali Koreya ilə münasibətlərə üstünlük verəcəyinə şübhə edirlər.
"Çin sükan arxasındadırr, çünki son nəticədə hər iki ölkəyə o nəzarət edir. Əgər Çin bu absurda son qoymaq istəsəydi, bunu edə bilərdi", deyə Lankov Pxenyanın Pekindən asılılığına işarə edib.
Nizami Bağırov