Dünya
Trampın ucuz dollar siyasəti nə vəd edir? (ŞƏRH)
"Sözsüz ki, seçkilərin nəticəsi dollara öz təsirini göstərəcək".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli ABŞ-dakı seçkilərin dolların məzənnəsinə təsirini şərh edərkən deyib.
Natiq Cəfərli bildirib ki, dolların indeksilə bağlı məsələyə ABŞ-da keçirilən seçkilərlə yanaşı, Federal Rezerv Sisteminin (FED) tutumu da təsir edəcək:
"FED-in növbəti toplantısı da seçkilərdən az sonra keçiriləcək. Ehtimal etmək olar ki, uçot dərəcəsini 0,25 faiz aşağı salacaqlar. Sözsüz ki, seçkilərin nəticəsi dollara öz təsirini göstərəcək. Donald Trampın proqramında dolların məzənnəsinin dünya valyutalarına nisbətdə ucuzlaşması hədəfi götürülüb. Çünki Tramp və onun komandasının yanaşmasına görə dollar ucuzlaşdıqca, ABŞ-ın Çində və daxildə ixrac və istehsal prosesi stimullaşacaq. Bununla paralel olaraq FED də uçot dərəcəsini intensiv şəkildə aşağı salsa, bu halda dollar avro qarşısında ucuzlaşacaq. Düzdür, kəskin ucuzlaşma olmayacaq. Amma ən azından bu gün 1 avro 1 dollar 8 sentdirsə, seçkilərdən sonra 1 dollar 10-12 sentə qədər yüksələ bilər. Bu hal dediyim kimi, Trampın qalib gəlməsi fonunda baş verə bilər. Kamala Harris komandasının isə dollar məsələsinə bir qədər fərqli baxışları var. Trampın isə aqressiv şəkildə ABŞ iqtisadiyyatını yüksəltmək planı var ki, onun da tərkibində ucuz dollar siyasəti dayanır".
Qeyd edək ki, bu gün dünyanın diqqəti ABŞ-a yönəlib. Daha doğrusu, bu ölkədə keçirilən prezident seçkilərinin nəticəsinin ABŞ dollarına müəyyən təsirlərinin olacağı da istisna deyil. Namizədlərin hər birinin dollara nisbətdə fərqli siyasətləri var. Tramp dolların ucuzlaşmasına nail olmaq istəyir. Harrisin həmin məsələ ilə bağlı proqramında isə mövcud vəziyyətin saxlanılması əsas götürülüb.
Rüfət Sultan