Digər
Qərib qəribi sükutundan tanıyır!
Zülfüqar Rüfətoğluna
Bu sabah çox kədərli xəbərlə açıldı. Zülfüqar Rüfətoğlunun ömrünün 66-cı ilində London xəstəxanasında ölüm xəbəri bir şeirində yazdığı "killer” gülləsi kimi gəldi.
Bütün ölümlər kədərlidir, bilirəm, qürbətdə ölməyin acısı isə bir başqadır!
Mən Zülfüqarı hələ 1992-ci ildə bir yerdə işlədiyimiz "Azərbaycan” qəzetindən tanıyıram. Bizim nəslə örnək olacaq qədər istedadlı jurnalistlərdən biri kimi rəğbətim vardı. Şeirlərinə sonralar heyran qalacaqdım. BBC-dəki verilişlərinə, səsinə də həmçinin. Amma bunların heç biri onu sonacan tanımağıma yetmədi.
Onu Londonda tanıdım.
Ailəmlə gəzməyə gələcəyimi ona yazanda sevindi, bizi aeroportda qarşılamağı bir dostundan xahiş etmişdi. Özü xəstə imiş. Ciddi xəstəliyini görüşəndə bildim. Bizi Londanla tanış elədi, restoranda qonaqlıq da verdi. Maraqlı söhbətləriylə ailəmin də rəğbətini qazandı. Sonra balaca Ayan mənə deyəcəkdi: "Ata, sən xoşbəxt adamsan, belə dostların var”. Ona verdiyimiz suallara həvəslə cavab verdi. Amma duyurdum ki, danışa-danışa susur.
Bir axşam isə orada yaşayan şair dostum Rauf Qaraişıqla bizi bir ingilis pabına apardı. Yağışlı bir gecədə unudulmaz anlar yaşadıq!
Dedim axı, qərib qəribi sükutundan tanıyır. İngilis pabında sükutumuz da dilə gəlmişdi. Və mən onun bu uzun illər qürbətdə yaşadıqlarını duya bildim – Zülfüqarı o gecə tanıdım. Geri qayıdanda daha şeirlərini də bir başqa gözlə oxudum. Zülfqar beləcə mənə doğmalaşdı.
Nigaran qaldığı çox şeylər, kəslər vardı bu dünyada. Hamı bu dünyada hər şeyini qoyub gedir. Qərib adam isə özüylə tək bir şey aparır – sükutunu…
Qayıtmayacağı yerə getdi, bir vaxt şerində yazdığı kimi:
"Qayıtmayan şeylər vardır –
Göz yaşı gözə qayıtmır,
Çox "hələlik” deyən dostlar,
Gedir və bizə qayıtmır”.
Nur içində yat, əziz Zülfüqar bəy!
Vahid Qazi