Dünya
Trampın Ukraynanı "təslim planı"nı necə pozmaq olar? (ŞƏRH)
"Avropa İttifaqı Ukraynaya dəstək məsələsində Amerikanın yükünü də öz üzərinə götürməyə razı olsa, Tramp planı pozula bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri yaxın vaxtlarda ABŞ-ın yeni hökumətindən Ukraynada atəşkəsin tarixi və təhlükəsizlik zəmanətləri ilə bağlı bəyanatların alına biləcəyilə bağlı Polşa baş naziri Donald Tuskun fikirlərini şərh edərkən deyib.
Natiq Miri bildirib ki, Tramp komandasının təklif edəcəyi plan hələlik son nəticə olaraq ortalığa qoyulacaq bir plan deyil:
"Çünki təkcə Trampın siyasi iradəsi, istəyi həlledici deyil. Ortada münaqişə tərəfləri də var. Ukraynanın müəyyən ərazilərini işğal edən Rusiya Trampın sülh planını öz qələbəsi kimi rus cəmiyyətinə təqdim etməyə çalışacaq. Bu həm də Putinə görə Qərb üzərində böyük bir qələbənin nümayişi olacaq. Digər tərəfdən, Rusiyanın işğalına razı olacaq Ukrayna prezidenti amili də var. Ən çətini də budur. Çünki Trampın planı beynəlxalq hüquqa uyğun deyil. Tramp üçün hüquq anlayışı deyilən amil yoxdur. Yalnız maraqlar var".
Bu səbəbdən ekspertin fikrincə, həmin plan gələcəkdə pis presedent yaradacaq amil olmaqla qəbul olunmayacaq:
"Həmin presedent digər dövlətləri də gələcəkdə işğala təşviq edə bilər. Bu da anarxiyaya gətirib çıxaracaq. Ukrayna xalqı böyük yaralar alıb. Onların da razılığı olmalıdır. Yalnız bundan sonra Zelenskinin bu yöndə konkret qərarından danışmaq olar”.
Ekspert deyir ki, proseslə bağlı Avropa İttifaqı amilini də unutmamalıyıq:
"Tramp biznesmen olduğundan onun üçün ən əsası mənfəət anlayışıdır. Putin isə həmin plandan istifadə edib, bütün Qərbə qarşı mübarizədə qalib gəldiyi görüntüsünü yaradacaq. Belədə Kremlin təsir dairəsi gələcəkdə daha genişlənə, iştahı daha da arta bilər. Bu isə Qərbin iflasa uğraması, gələcəkdə NATO-nun parçalanması deməkdir. Bu mənada, Aİ Ukraynaya dəstək məsələsində Amerikanın yükünü də öz üzərinə götürməyə razı olsa, Tramp planı pozula bilər. Belə yükü götürəcəyi təqdirdə Aİ Zelenskiyə təhlükəsizlik təminatı verməlidir. Bir sözlə, Trampın Ukrayna planı sadaladığım üç amilin davranış və iradəsindən asılıdır".
Qeyd edək ki, Polşa baş naziri Donald Tuskun dediyinə görə, yaxın vaxtlarda ABŞ-dan Ukraynada atəşkəsin tarixi və təhlükəsizlik zəmanətləri ilə bağlı bəyanatlar alına bilər. ABŞ-ın yeni prezidenti Donald Trampın Ukraynada sülh planı ilə bağlı mediada dərc olunan yazıları şərh edən Polşa Baş naziri hesab edir ki, belə bir plan hazırda hazırlıq mərhələsindədir. Tuskun fikrincə, yaxın gələcəkdə atəşkəsin tarixi, sərhədlərin necə olacağı və Ukrayna üçün təhlükəsizlik təminatları barədə bəyanat gözləmək olar.
Rüfət Sultan