Digər

"Zavodumuzda istehsal olunan içkilərin satışı dayandırılmayıb" - Məşhur iş adamı Emin Hüseynov

"Zavodumda istehsal olunan araqların satışında heç bir problem yoxdur. AQTA qadağa qoymayıb, satışın həyata keçirilməsi üçün sənəd verilib”. Qaynarinfo xəbər verir ki, bu sözləri "Quseynoff” MMC-nin sahibi Emin Hüseynov deyib. O qeyd edib ki, sahibi olduğu zavodun istehsal etdiyi spirtli içkilərin standartlara cavab verməsi bütün imkanlardan istifadə edilib: "Mən bir iş adamı kimi anlayıram ki, dövlətə, xalqa və ümumilikdə cəmiyyətə xidmət etmək böyük məsuliyyət tələb edir. Bu səbəbdən də istehsal etdiyimiz məhsulların keyfiyyətli olması və insanlara zərər verməməsi də bizə olan inamı artırır.  Bizim məqsədimizin cəmiyyətə xidmət etmək olduğunu yaxşı başa düşürəm. Şərab istehsalında yüksək keyfiyyət və standartlara riayət etmək, yalnız məhsulun müştərilərə keyfiyyətli təqdim edilməsi baxımından deyil, həm də istehsalçı kimi etibarımızın qorunması üçün çox vacibdir. Bütün bunları nəzərə alaraq, zavodumuzun istehsal etdiyi şərabların standartlara cavab verməsi üçün əlimizdən gələni edirik. Bilirik ki, belə bir yanaşma həm də istehsalın şəffaflığını və etibarını təmin edir. Xüsusi ilə vurğulamaq istəyirəm ki, zavodumuzda istehsal olunan araqlarda heç bir problem yoxdur. Sadəcə qəsdlə bu məlumatı yaydırırlar.  Mənim şirkətimdə, zavodumda 50-dən çox ailə başçısı işləyir. Onlar evlərinə çörək pulu qazanırlar. Azərbaycanda normal işləyən sahibkarlara dəstək olmaq lazımdır. Ölkə başçısı cənab İlham Əliyev də bununla bağlı daim göstərişlər verib.  Standartlara uyğun olması, satışa heç bir maneə olmaması ilə bağlı bizə Azərbaycan Qida Təhlükəsizlik Agentliyi tərəfindən sənəd təqdim edilib. Həmin sənədi də təqdim edirik. "Quseynoff” MMC-nin zavodunda istehsal olunan içkilərin satışında da heç bir problem yoxdur. Agentlik başqa bir məsələ ilə bağlı öz narazılığını bildirdi. Onu da yaxın zamanda həll edəcəyik. Bir daha vurğulamaq istəyirəm ki, zavodumda istehsal olunan içkilərin satışı dayandırılmayıb, buna heç bir maneə yoxdur”.