Digər

Bu sahələrdə çalışanlar daha çox maaş alır

2024-cü il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1768,3 min nəfər olub. Qaynarinfo Dövlət Statistika Komitəsinin (DSK) yaydığı məlumata istinadən xəbər verir ki, onlardan 880,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 888,0 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Muzdla işləyənlərin 18,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,2 faizi təhsil, 12,8 faizi sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,9 faizi tikinti, 6,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 faizi maliyyə və sığorta fəaliyyəti, 14,8 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar. 2024-cü ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,0 faiz artaraq 993,0 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.