Dünya

Maqdeburqda həlak olan 5 nəfərin 4-ü qadın, 1-i uşaqdır

Almaniyanın Saksoniya-Anhalt əyalətinin paytaxtı Maqdeburq şəhərindəki Milad bazarında dekabrın 20-də axşam saatlarında törədilən qanlı hadisə nəticəsində həlak olanlar barədə bəzi məlumatlar açıqlanıb. Bizim.Media yerli mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində həlak olan beş nəfərdən dördünün qadın, birinin isə 9 yaşlı uşaq olduğu bildirilir. Qanlı hadisə nəticəsində 200-dən çox insan xəsarət alıb ki, onların 40-nın vəziyyəti ağır qiymətləndirilir. Hadisədən sonra şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib. Şəhər sakinləri hadisənin baş verdiyi əraziyə gələrək həlak olanların xatirəsini ehtiramla yad edirlər. İnsanlar Milad yarmarkasının girişində və yaxınlıqdakı Müqəddəs İohann kilsəsinin qarşısında şamlar yandırır və çiçəklər düzürlər. Xatırladaq ki, əslən Səudiyyə Ərəbistanından olan 50 yaşlı Taleb A. adlı şəxs ötən gün yerli vaxtla saat 19:04-də (Bakı vaxtı ilə 22:04) yüksək sürətlə idarə etdiyi “BMW X3” markalı avtomobili şəhərdəki Milad yarmarkasında izdihamın üzərinə sürüb.  

Qeyd edək ki, oxşar hadisə səkkiz il əvvəl Berlində baş vermişdi. 2016-cı il dekabrın 19-da terrorçular yük avtomobilini Berlinin Braytşayd meydanındakı Milad yarmarkasında insanların üstünə sürməsi nəticəsində 13 nəfər həlak olmuş, 70-dən çox insan xəsarət almışdı. Bizim.Media