Göyçayda reyd keçirən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bir sıra nöqsanlar aşkarlayıb. Bizim.Media-nın yerli bürosu xəbər verir ki, AQTA Mərkəzi Aran regional bölməsinin əməkdaşları tərəfindən fiziki şəxs Məmmədov Elşad Alim oğluna məxsus, Göyçay rayonu, Çayarxı kəndi ünvanında fəaliyyət göstərən un məmulatlarının istehsalı müəssisəsində 14.01.2025-ci il tarixində plandankənar yoxlama həyata keçirib. Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi üzrə dövlət qeydiyyatından keçmədən qanunsuz olaraq fəaliyyət göstərdiyi, müəssisənin istehsal və yardımçı sahələrinin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qeyri qənaətbəxş olduğu, müəssisədə un məmulatlarının istehsalı üçün sanitar-gigiyenik tələblərə cavab verən müvafiq şəraitin yaradılmadığı məlum olub. Belə ki, müəssisədə un məmulatlarının istehsalı üçün istifadə olunan xammalların (un, duz, maya və s.) qəbulu və saxlanılması, xəmirin yoğrulması və emal prosesi sanitar-gigiyenik tələblərə əməl olunmadan eyni sahədə həyata keçirilir ki, bu proseslərin hər biri üçün ayrıca sahə nəzərdə tutulmalıdır. Müəssisənin emal və yardımçı sahələrinin döşəmə, divar və tavanının nəm, çirk və kifdən qaraldığı və uzun müddət sanitar təmizlik işlərinin görülmədiyi məlum olub.
Aşkar olunmuş qanun pozuntularına əsasən müvafiq qanunvericiliyə uyğun olaraq müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib. Laborator analizlərin (müayinələrin) aparılması üçün müəssiədə istehsal olunmuş un məmulatlarından nümunələr götürülüb və aşkar olunmuş qanun pozuntuları aradan qaldırılana qədər müəssisənin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı müvafiq qərar qəbul edilib və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Bizim.Media, Aran bürosu