Bu gün Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə “Mədəni irs” forumu işə başlayıb. Bizim.Media xəbər verir ki, forum Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində təşkil olunub. Dekabrın 20-dək davam edəcək forumda tanınmış tarixçi, arxeoloq, rəssam, memar, heykəltəraş, sənətkar və sahə üzrə digər mütəxəssislərin iştirakı ilə geniş müzakirələr aparılacaq. Forumda mədəniyyətimizin və milli irsimizin yaşadılması, inkişafı və təbliği, mövcud vəziyyət, maddi və qeyri-maddi irsimizə, təsviri və tətbiqi sənətə, tarixi abidələrə dövlət dəstəyi və digər istiqamətlərdə diskussiyalar təşkil ediləcək. Forumda “Azərbaycanın daşınmaz tarixi - mədəni irsinin tədqiqi və mühafizəsi problemləri”, “Postkonflikt dövründə Azərbaycanın tarixi - mədəni və təbii irsinin qorunması məsələləri”, “Azərbaycanda daşınar mədəni irs: muzey işi və müasir çağırışlar”, “Qeyri-maddi mədəni irsin mühafizəsi və müasir çağırışlar”, “Təsviri sənət və müasir çağırışlar”, “Mədəni irs və müasir memarlıq - Şəhərsalma prinsipləri” mövzuları üzrə panellər təşkil olunacaq. Panellerdə müvafiq sahələrin mövcud vəziyyəti və gələcək perspektivlər barədə fikir mübadiləsi aparılacaq. Bizim.Media