Hesablama Palatasının Bakı şəhər Mədəniyyət Baş İdarəsində yoxlamalara başladığı bildirilir. Bizim.Media-nın əldə etdiyi məlumata görə yoxlamalara yanvar ayının əvvəllərindən başlanıb və fevralın sonunda bitəcək. Audit yoxlamaların Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tərkibindəki mədəniyyət ocaqlarında da aparıldığı qeyd olunur. Mənbənin sözlərinə görə yoxlamalar Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyevin vəzifəsindən sui-istifadə edərək qanunazidd qərarlar qəbul etməsi iddiası ilə bağlı aparılır. Mədəniyyət Nazirliyinin mətbuat katibi Aynur Kərimova Bizim.Media-ya açıqlamasında “Yoxlamalar plana uyğun olaraq aparılır” cavabını verib.
Hesablama Palatasından isə onlara rəsmi sorğu ilə müraciət etməyimiz istənilib. Qurumun email ünvanına rəsmi sorğu göndərsək də, hələki açıqlama verilməyib. Qeyd edək ki, idarə rəhbərinin adı əmək mübahisələləri ilə bağlı qalmaqallarda çəkilir. İddialara görə İbrahim Əliyev təhsilsiz şəxsləri rəhbərlik etdiyi Baş İdarənin tərkibindəki mədəniyyət ocaqlarında işə götürüb, işə götürülən şəxslərin təqdimatını isə onun tapşırığı ilə kuratoru, mədəniyyət üzrə sektor müdiri Səbinə Məmmədova hazırlayıb. Halbuki İdman haqqında qanunun 48-ci maddəsinə əsasən idman üzrə ali və orta ixtisas təhsili olmayan insanlar bu sahə üzrə pedoqoji dərs verə bilməzlər. Bundan əlavə İbrahim Əliyevin müvafiq qanunlara məhəl qoymayaraq şəxsi əmri və idarənin daxili qərarları ilə işçi qəbulu həyata keçirir. Belə ki, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyevin 14.12.2022-ci il tarixində imzaladığı 164 nömrəli əmrinə əsasən idarənin hazırladığı qanunlara görə sadəcə sertifikatı olan və ya heç bir sənədi olmayan adamlar da idarənin balansına daxil olan müəsisələrdə ödənişli və ödənişsiz formada idman dərsləri verə bilərlər. Elə bu əmr əsasında Baş idarənin tərkibinə daxil olan Əmirov adına Mədəniyyət sarayı, Mərdəkan Mədəniyyət Sarayı, Binə Mədəniyyət Mərkəzi, Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzi və Binəqədi Mədəniyyət evinin fines klublarına təhsili olmayanların rəhbərlik etdiyi deyilir. Alçina Amilqızı, Bizim.Media