Mədəniyyət

Bölgələrimizdəki teatrların vəziyyəti NECƏDİR? – AÇIQLAMA

Azərbaycanda ən çox teatr binası paytaxtda yerləşir. Teatrımızın 151 yaşı olmasına baxmayaraq hələ də bəzi bölgələrdə daimi teatrlar fəaliyyət göstərmir. 1992-ci ildə Şuşa işğal olunduqdan sonra Şuşa Dövlət Dram Teatrı Bakıya köçüb. Hazırda paytaxtda tamaşaçılarını qarşılayan teatrın gələcək zamanda öz doğma yurdunda fəaliyyətini davam etdirəcəyi gözlənilir. 1993-cü il Bakıda ilk tamaşasını göstərən teatr hər həftə tamaşalar nümayiş etdirir. Bakıya sığınan teatrlardan biri isə İrəvan Dövlət Dram Teatrıdır. 1988-ci il hadisələrindən sonra İrəvan teatrı Akademik Milli Dram Teatrının nəzdində teatr - studiya kimi fəaliyyətə başlayıb. 2008-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə paytaxtın Binəqədi rayonunda yerləşən Məmməd Əmin Rəsulzadə adına Mədəniyyət Sarayı Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının balansına verilib. Naxçıvan, Gəncə, Qaxda həm dram, həm də kukla teatrları mövcuddur. Bundan başqa, Füzuli, Lənkəran, Qazax, Qusar, Salyan, Şəki, Sumqayıt, Mingəçevir dövlət dram teatrları öz fəaliyyətlərini davam etdirirlər. Bəs bu teatrların fəaliyyətləri qənaətbəxşdirmi? Repertuarlarında hansı tamaşalar var və bilet satışı nə yerdədir? Bizim.Media bir neçə teatrla əlaqə saxlayaraq hazırkı durumu öyrənib. Qazax Dövlət Dram Teatrından bildirdilər ki, hər şənbə günü axşam saatlarında tamaşalar nümayiş olunur: “Repertuarımızda Azərbaycan və dünya klassiklərinin, həmçinin, müasir yazarların əsərləri əsasında tamaşalar hazırlanır. Bu yaxınlarda, konkrret desək, mart ayının 12-də teatr truppamız Bakıda Azərbaycan Teatr Xadimləri İttifaqının səhnəsində yeni tamaşa ilə çıxış ediblər. Tamaşa paytaxtda nümayiş olunanadək Qazaxda iki dəfə səhnə alıb”. Teatrdan tamaşaçıların teatra maraq göstərildiyini və biletlərin satıldığını da qeyd ediblər. Gəncə Dövlət Dram Teatrından isə hazırda Novruz bayramı ilə əlaqədar tədbirlərə hazırlaşdıqlarını bildirdilər: “Hər ay tamaşa göstərilir. Martın 20-dən 25-dək teatrda tamaşalar, uşaq tədbirləri keçiriləcək. Biletlər də teatrın kassalarında səhər 10-dan axşam 5-ə kimi satılır”. Lənkəran Dövlət Dram Teatrının isə özünün rəsmi saytı var və bu sayt vasitəsilə tamaşaçı tamaşaların vaxtı, adı, mövzusu ilə tanış ola bilər. Teatrda mart ayı ərzində 7 tamaşanın nümayişi planlaşdırılıb. Bilet qiymətləri 3,4,5 manat arasında dəyişir. Tamaşalara onlayn şəkildə bilet almaq da mümkündür. Əlaqə saxladığımız teatrların əksəriyyətindən durumun yaxşı olduğu bildirilsə də Qax Dövlət Kukla teatrının baş inzibatçısı Cavidan İsaqlı mövcud problemlərə toxunub: “Ümumi hal yaxşıdı, amma bəzi problemlər yaşayırıq. Tamaşaçı yoxdur, bir həftə 25-30 nəfər gəlir, bir həftə isə demək olar ki, tamaşaçı olmur. Ayın 16-17-də Zaqatalaya səfərimiz olacaq, Novruzda ayın 22-dən 24-dək hər gün tamaşalar olacaq. Bizdə loja da daxil olmaqla 200 nəfərə yaxın zalın tutumu var. Bayramlar ərəfəsində, tətillərdə zal dolur. Belə adi günlərdə isə çox aşağı göstərici olur. Biz Mədəniyyət Nazirlıiyinə də müraciət etmişik, məsələyə baxırlar, zalın vəziyyəti istilik baxımından yaxşı deyil. Tamaşaçılar bunu da səbəb kimi göstərirlər. Tamaşaçı azlığının səbəbi də budur”. Teatr nümayəndəsi tamaşaların yalnız bir neçə aktyorun səhhətində yaranan problemə görə təxirə salındığını da qeyd edib. O, bu halların az yaşandığını vurğulayıb. Ötən il Mingəçevir Dövlət Dram Teatrında quruluşçu rejissor kimi işə başlayan Xalq artisti Valeh Kərimov isə hazırda teatrda olduğunu və danışmaq imkanının olmadığını bildirib. Günay Şahmar, Bizim.Media