Mədəniyyət

Əməliyyata hazırlaşan Allahverdi Yolçuyev: “Dərmanlarım bahadır, təqaüdüm çatmır” – ÖZƏL

“Əməliyyata hazırlıqlar gedir. Artıq xəstəliyimlə əlaqədar xarici ölkəyə getməyə gərək qalmadı. Bakıda gözəl klinika var məni orada yaxın zamanda əməliyyat edəcəklər. Xərcləri isə tibb müəssisə öz üzərinə götürüb. Analizlərim (qan nümünələrim, təzyiq, ürək, ciyər və sayra) əməliyyat olunmağım üçün uyğun gəlməlidir. Əməliyyat isə beynimdə olacaq. Əməliyyat olunacağımla bağlı qorxum yoxdur. Artıq 5 ildir ki, əllərimdə əsməm var”.  Bu sözlər məşhur aktyor Allahverdi Yolçuyev Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.  Hazırda heç bir yerdə işləmədiyini söyləyən sənətkar bildirib ki, evdə dərmanlar qəbul edərək əməliyyata hazırlaşır:  “Xəstəliyimlə bağlı müəyyən dərmanlar qəbul edirəm. O preparatlar əsməmi dayandırmalıdır. Hər həftə əməliyyat olunacağım klinikaya, həkimimin yanına gedirəm, müayinələrdən keçirəm. Tam hazır olanda əməliyyat olunacağam. Mütəmadi evdə oluram, axşamlar hava yaxşı olanda, çıxıb biraz gəzirəm. Ümumi vəziyyətim o qədər də yaxşı deyil. “Parkinson” xəstəliyinə tutulan insan necə ola bilər? Buna da şükür...  Əvvəllər dublyaja və el şənliklərinə aparıcı kimi gedirdim. Amma indi bunu edə bilmirəm. Yüksək səsdən məndə stress yaranır və vəziyyətim pisləşir. Bunu etmək mənə olmaz. Beynə nə siqnal gedirsə, o da sənə elə cavab verir. Mən tam stresdən uzaq olmalıyam. Gəzməliyəm və çoxlu su içməliyəm. Əsəblərim sakit olmalıdır ki, xəstəliyim irrələməsin”.  Aktyor aldığı təqaüdün dərmanlarına çatmadığını qeyd edib:  “Təqaüdüm 310 manatdır. Poliklinikaya gedirəm ki, heç olmasa bəzi dərmanlarımı pulsuz alım. Həkimlər sağolsun, onlara müraciət edəndə bacardıqları qədər mənə yardım edirlər. Bir klinika 2 il tam təmənnasız dərmanlarımı verdi. Belecə, xəstəliyimin inkişafını dayandırdı. Bu dərmanlar isə mənə çox yaxşı təsir etdi. Dərmanlarımın qiyməti çox bahadır. Bir-iki dərman alırsan, görürsən ki, 200 manat xərcləndi. Təqaüdüm o dərmanlara çatmır. Kifayət qədər bahadır”.  Rəşad Əliyev, Bizim.Media