VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli mayın 1-də İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Məhəmməd Mehdi İsmaili ilə görüşüb. Nazirlikdən Bizim.Media-ya bildirilib ki, görüşdə Adil Kərimli iranlı həmkarına Foruma qatıldığına görə təşəkkürünü bildirib və “Bakı Prosesi”nin mədəniyyətlərarası dialoqla bağlı qlobal platforma kimi nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirildiyini deyib. Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) haqqında qonağa məlumat verən nazir bildirib ki, mötəbər tədbirdə iqlim dəyişikliklərinin mədəni proseslərə təsiri məsələləri də müzakirə olunacaq. Məhəmməd Mehdi İsmaili öz növbəsində Foruma dəvətə görə təşəkkürünü bildirib, tədbirin gündəmə gətirilən mövzuların aktuallığı baxımından əhəmiyyətini qeyd edib. Söhbət zamanı mədəni əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub. Bizim.Media