Mayın 4-də Heydər Əliyev Mərkəzində “20 ilin sədası” adlı konsert proqramı təqdim olunub. Konsert Fondun yaradılmasının 20 illiyinə həsr edilib. Bizim.Media xəbər verir ki, konserti Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin deputatları və digər qonaqlar izləyiblər. Konsert proqramı Heydər Əliyev Fondunun fəaliyyətinə, mədəniyyət sahəsində gördüyü işlərə dair videoçarxın nümayişi ilə başlayıb. Videoçarxda diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondu 2004-cü ildə Ulu Öndərin siyasətini əks etdirmək, yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq niyyətindən irəli gələrək yaradılıb. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fond 20 il ərzində saysız-hesabsız uğurlara nail olub, mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə ciddi islahatların aparılmasına töhfəsini verib. Heydər Əliyev Fondu, həmçinin ölkəmizin dünyada təbliği və zəngin dəyərlərimizin tanıdılması istiqamətində yorulmaz fəaliyyət göstərib. Fondun yubiley konserti həm iştirakçıları, həm də repertuarı ilə rəmzi məna daşıyıb. Belə ki, bu il yaranmasının 20 ili tamam olan Heydər Əliyev Fondu fəaliyyəti dövründə hər zaman gənc istedadlara, mədəniyyət və incəsənət sahəsinin inkişafına dəstək göstərib, mədəniyyətimizin geniş təbliğinə yönələn layihələr həyata keçirib. Heydər Əliyev Fondu istər gənclərimizin təhsil almasına, istərsə də beynəlxalq müsabiqə və festivallarda iştirakına dəstək olub. Fondun ayrı-ayrı sahələrdəki layihələri, o cümlədən muğam müsabiqələri, milli, klassik və caz musiqisi ilə bağlı layihələri, müxtəlif musiqi festivalları yeni istedadların üzə çıxarılmasına, onların inkişafına təkan verib. Bugünkü konsert proqramında da məhz bu incəsənət xadimləri, - yaradıcılıqlarında Heydər Əliyev Fondunun iz qoyduğu, dönüş və sıçrayış yaratdığı, dəstək göstərdiyi mədəniyyət və incəsənət xadimləri, - Azər Zadə (tenor), Azər Zeynalov (tenor), Ceyla Seyidova (violin), Elçin Əzizov (bariton), Emil Əfrasiyab (piano), Elvin Hoca Qəniyev (violin), Fərhad Bədəlbəyli (piano), İsfar Sarabski (piano), Mirələm Mirələmov (xanəndə), Murad Adıgözəlzadə (piano), Samir Cəfərov (tenor), Təyyar Bayramov (xanəndə) və digərləri çıxış ediblər.
Bizim.Media