Siyasət

Azərbaycan Respublikasının Müstəqillik Günü Madriddə təntənəli şəkildə qeyd edildi (FOTO)

Mayın 28-i Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyinin təşkilatçılığı ilə Madrid şəhərində ölkəmizin Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirilib. Ednews xəbər verir ki, qəbulda İspaniyanın Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin Şimali Amerika, Şərqi Avropa, Asiya və Sakit Okean üçün Baş Direktoratlığının rəisi Karlos Moreno Blanko, habelə digər dövlət qurumlarının struktur-vahidlərinin rəhbərləri, İspaniyanın İqlim Dəyişiklikləri məsələləri üzrə Ofisinin yüksək vəzifəli nümayəndələri, parlament üzvləri, ölkədə akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, Səfirlər, Madrid şəhər bələdiyyəsinin rəsmiləri, eləcə də bir sıra düşüncə mərkəzləri və akademik dairələrdən olan tədqiqatçılar, mədəniyyət xadimləri, işgüzar dairələrin təmsilçiləri, QHT-lər və mötəbər media nümayəndələri, o cümlədən yerli ictimaiyyətin və Azərbaycan icmasının üzvləri iştirak ediblər.  Tədbirdə açılış nitqi ilə çıxış edən Səfir Ramiz Həsənov, 106 illiyini qeyd etdiyimiz Azərbaycan Demokratik Respublikasının yaranmasından və keçdiyi yoldan danışıb, müsəlman dünyasında ilk demokratik ölkə olan ADR-in tarixi əhəmiyyətindən söz açıb. O, Azərbaycanın Şərqin ilk dünyəvi və parlamentli respublikası kimi o dövr üçün mütərəqqi dövlət institutları – çoxpartiyalı sistem, plüralist parlament və azad medinın təsis etməsi haqqında tədbir iştirakçılarını məlumatlandırıb; Azərbaycan vətəndaşlarının milli mənsubiyyətinə, cinsinə, dininə və sosial vəziyyətinə görə fərqləndirilmədən mülki və siyasi hüquqlarının təmin edilməsi, habelə Şərqdə ilk dəfə məhz Azərbaycanda qadınlara seçki hüququnun verilməsi barədə fikirlərini bölüşüb.  Cənab Səfir həmçinin, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş strateji xəttin bu gün müasir və müstəqil Azərbaycanın Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilməsindən, ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra qazandığı nailiyyətlərdən, sosial-iqtisadi inkişafından bəhs edib.  İspaniya Krallığının Azərbaycanın müstəqilliyini tanıyan və ölkəmizlə diplomatik əlaqələr quran ilk ölkələrdən biri olduğunu vurğulayan Ramiz Həsənov iki ölkə arasında çoxşaxəli əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini bildirib. Daha sonra Səfir bütün ölkələrin yekdil dəstəyi ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının növbəti Tərəflər Konfransına (COP29) ev sahibliyi etmək üçün Azərbaycanın seçilməsinə toxunub. Qeyd olunub ki, bu, Azərbaycanın iqlim dəyişikliyinin milli, regional və qlobal miqyasda həllində liderliyinin və səylərinin tanınmasını nümayiş etdirir. Səfir Azərbaycanın iqlim məsələlərinə verdiyi diqqətin təzahürü kimi ölkənin ətraf mühitin mühafizəsində gördüyü əməli işlərdən və üzərinə götürdüyü öhdəliklərdən danışıb.  Tədbirdə İspaniya tərəfindən əsas qonaq qismində çıxış edən Karlos Moreno ilk növbədə Azərbaycan hökuməti və xalqına xoş səmimi təbriklərini çatdırıb və son illərdə ikitərəfli münasibətlərimizin inkişafında əldə olunan nailiyyətlərə toxunub. İspan diplomat ölkəsinin Azərbaycana həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində ənənəvi olaraq dəstəyini davam etdirdiyini vurğulayıb. XİN nümayəndəsi Azərbaycanı Avropa və Asiyanın kəsişməsində yerləşən güclü və sürətlə inkişaf edən ölkə kimi xarakterizə edib, ölkəmizi Avropa enerji təhlükəsizliyinə əvəzsiz töhfələr verən tərəfdaş olaraq Azərbaycanın tranzit imkanlarından söz açıb. Azərbaycanın karbohidrogen tədarükçüsü və ixracatçısı kimi strateji əhəmiyyətini vurğulayan diplomat COP29 tədbirinə ev sahibliyi xüsusunda ölkəmizin bərpaolunan və yaşıl enerji əsasında irəli sürdüyü strategiyasını təqdirəlayiq adlandırıb. Azərbaycanın ecazkar musiqisinin müşayiəti ilə tədbirin qonaqları milli mətbəximizin ən ləziz təamlarından dadıb, ölkəmizin mədəniyyətini və turizmini təbliğ edən broşürlərlə tanış olublar. Tədbir boyunca Azərbaycanın mədəniyyəti, təbiəti, tarixi, o cümlədən COP29 haqqında videoçarxlar nümayiş olunub.  Xüsusilə qeyd olunmalıdır ki, rəsmi qəbulun ardınca Səfirliyin təşəbbüsü və Madrid Şəhər Şurasının dəstəyi ilə İspaniyanın məşhur tarixi simvollarından hesab olunan "Cibeles” fəvvarəsi ənənəvi olaraq Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.