Dünya
İsrail HƏMAS-a alternativ axtarır
İsrail HƏMAS hərəkatının əvəzinə Qəzza zolağı üçün alternativ yerli idarəetmə orqanının yaradılması imkanını nəzərdən keçirir.
Qaynarinfo "Associated Press”ə (AP) istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant deyib.
"Biz ölkənin idarə olunmasında HƏMAS-a alternativ axtarırıq. Bunun çərçivəsinə ərazilərin təcrid olunması, yaraqlıların bu ərazilərdən çıxarılması və hakim alternativ təşkil edəcək digər qüvvələrin cəlb edilməsi daxildir", - o, bazar günü keçirdiyi brifinqdə deyib.
Qalantın fikrincə, bu, İsrailin Qəzza zolağında HƏMAS-ın hərbi və liderlik gücünü aradan qaldırmaq və oktyabrın 7-də ölkəyə qarşı terror aktı zamanı əsir götürülmüş girovları evlərinə qaytarmaq kimi məqsədlərinə nail olacaq. İsrail müdafiə nazirliyinin rəhbəri vurğulayıb ki, "müharibənin bitməsinə yönəlmiş heç bir prosesin heç bir mərhələsində HƏMAS-ın idarəçiliyini qəbul etməyəcəyik".
Yoav Qalant İsrailin Hərbi Nazirlər Kabinetinin üç üzvündən biridir və bu yaxınlarda hökuməti Qəzza zolağı üçün müharibədən sonrakı təfərrüatlı plan hazırlamağa çağırıb.
Onun şərhləri səkkiz ay davam edən müharibədə yeni qeyri-müəyyənliyin yarandığı bir vaxta təsadüf edir. İsrail müdafiə rəsmisi AP-yə bildirib ki, Qalant Qəzzanın təcrid olunmuş, Həmas-dan təmizlənmiş ərazilərinin "yerli hökumətin mərkəzləri"nə çevriləcəyinə və daha uzunmüddətli hökumət təmin edə biləcək qüvvələrin müəyyən ediləcəyinə ümid edir.
"İsrail yerli düşmən olmayan aktorlar axtarır. Qalant hesab edir ki, fələstinlilər fələstinliləri idarə etməlidir. İsrail bu ərazilərə yardım axınını asanlaşdıracaq və öz hakimiyyətini gücləndirmək üçün onun paylanmasına yerli qüvvələr cavabdeh olacaq". rəsmi bildirib. Eyni zamanda, ekspertlərdən biri bu yanaşmanı çətin adlandırıb və onun keçmişdə artıq istifadə olunduğunu və uğursuzluğa düçar olduğunu xatırladıb.
"Mən özünü HƏMAS-a alternativ kimi təqdim edəcək qədər cəsarətli heç bir yerli oyunçu haqqında eşitməmişəm”, - keçmiş hərbi kəşfiyyat zabiti və Tel-Əviv Universitetində Fələstin məsələləri üzrə israilli analitik Maykl Milşteyn deyib.
Onun sözlərinə görə, Qalantın "xəyalpərəstliyi" istənilən yerli lider üçün intihar olacaq - terrorçular İsrail hökuməti ilə əməkdaşlıq edən hər kəsi hədələyir. "Həmas son səkkiz ay ərzində ciddi itkilərə məruz qalsa da, onların ictimaiyyətə təsiri hələ də çox güclüdür”, - analitik bildirib. Milşteyn xatırladıb ki, İsrail keçmişdə də bu yanaşmaya əl atıb. 1970-80-ci illərdə Təl-Əviv yerli Fələstin liderlərinə səlahiyyətlər verməklə "kənd liqaları” yaratmağa çalışıb. "Fələstinlilərin gözündə onlar əməkdaş kimi görünürdülər və bu, çox faciəli şəkildə başa çatdı. Əgər İsrail Qəzzada daimi mövcudluğunu saxlamasa, onun yaratmağa çalışacağı istənilən "alternativ qüvvələr" çox kövrək olacaq", - analitik bildirib.
Nizami Bağırov