Siyasət

Ərdoğan: "Azərbaycanla Ermənistan arasındakı müsbət yenilikləri məmnunluqla qarşılayırıq"

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı Enerji Həftəsi ilə bağlı məktub ünvanlayıb. Bizim.Media məktubu təqdim edir: “Əziz iştirakçılar. Hörmətli qonaqlar. Hamınızı səmimi-qəlbdən salamlayıram. Bakı Enerji Həftəsi çərçivəsində təşkil olunan bütün tədbirlərin müsbət nəticələrə yol açmasını diləyirəm. Bu mühüm tədbirin əməkdaşlığımızın dərinləşməsinə səbəb olmasını, bölgəmizdəki sülhə və sabitliyə töhfələr verməsini arzu edirəm. Can Azərbaycan ilə yaxın münasibətlərimiz bütün sahələrdə olduğu kimi, enerji sahəsində də güclüdür. Uzun illərə əsaslanan və Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri və TANAP kimi infrastruktur layihələri ilə taclandırdığımız əməkdaşlığımız təkcə Türkiyə və Azərbaycana fayda verməyib, bölgənin və Avropanın enerji təhlükəsizliyinə də önəmli töhfələr verib. Türkmənistan qazının ortaq səylərimizlə Türkiyəyə və Avropaya çatdırılması, TANAP-ın imkanlarının genişləndirilməsi artıq zaman məsələsidir. Bu sahələrdəki fəaliyyətlərimizin çox yaxında bəhrə verməsi, şübhəsiz, Türkiyə və Azərbaycanın daha bir ortaq uğuru olacaq. Türk dünyası olaraq ölkələrimiz arasında siyasi, iqtisadi, ticari, təhlükəsizlik, hərbi, müdafiə sənayesi, nəqliyyat, səhiyyə, təhsil və mədəniyyət sahələrində olduğu kimi, enerji sahəsində də əməkdaşlığımızı daha yüksək səviyyəyə çatdırmaq və dərinləşdirmək arzusundayıq. Türk Dövlətləri Təşkilatının növbəti Zirvə görüşünün önümüzdəki ay Can Azərbaycanın ev sahibliyi ilə Şuşada keçirilməsindən məmnunluq duyduğumu da fürsətdən istifadə edərək bildirmək istəyirəm. Tarixi “İpək yolu”nu relslər üzərində həyata keçirən Orta Dəhlizin onurğa sütunu olan Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirmə işləri tamamlanaraq, yenidən tam fəaliyyətə başlaması ilə yükdaşımalarda təmin ediləcək altı dəfəlik qabiliyyət artımı regional nəqliyyat şəbəkəsinin inkişafı baxımından strateji əhəmiyyətə malikdir. Bərpaolunan enerjidə, yeni texnologiyalarda və enerji mənbələrinin şaxələndirilməsində iki ölkə olaraq əməkdaşlığımızı gücləndiririk. Naxçıvan vasitəsilə elektrik enerjisi ixracı və İğdır-Naxçıvan təbii qaz boru kəməri layihələrini ən yaxın zamanda başa çatdırmağı hədəfləyirik. Cənubi Qafqazda davamlı sülh və sabitlik əsasında yüksələcək əmin-amanlığın və rifahın təmin olunması üçün fəaliyyətimizi qətiyyətlə davam etdiririk. Azərbaycan və Ermənistan arasında son dövrlərdə əldə edilən müsbət yenilikləri məmnunluqla qarşılayır və imzalanacaq sülh müqaviləsini bölgənin gələcəyi baxımından tarixi fürsət olaraq gördüyümüzü bir daha bildirmək istəyirəm. Fürsətdən istifadə edərək, 2024-cü il 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi münasibətilə qardaş Azərbaycanı bir daha təbrik edir, konfransa hazırlıq prosesində hər cür dəstəyi verməyə hazır olduğumuzu xüsusi ifadə edirəm. Enerji sahəsindəki bu dinamik mühit və proseslərin yaxından diqqət mərkəzində saxlanacağı Bakı Enerji Həftəsinin bütün iştirakçılarına uğurlar diləyir, qardaşım Prezident İlham Əliyevə təşəkkürlərimi bildirir, hamınızı ən səmimi hisslərimlə salamlayıram". Bizim.Media