Xəbər verdiyimiz kimi, YAP 2024-cü il sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə 2 saylı Şərur-Kəngərli seçki dairəsindən Siyavuş Novruzovun namizədliyini irəli sürüb. Bizim.Media-nın əldə etdiyi məlumata əsasən, hal-hazırda Siyavuş Novruzovun namizədliyinin irəli sürüldüyü dairədə rəqibi yoxdur. Məsələni dəqiqləşdirmək üçün VI çağırış deputatının özüylə əlaqə saxladıq. Siyavuş Novruzov saytımıza açıqlamasında yayılan informasiyalar haqqında məlumatının olmadığını vurğulayıb: “Bunun məsələyə heç bir aidiyyəti yoxdur. Rəqibim niyə yoxdur ki?! İstənilən vətəndaş namizədliyini irəli sürsə, rəqib olacaq. Hal-hazırda rəqibimin olub-olmaması ilə bağlı məlumatım yoxdur”, deyə o, bildirib. Xatırladaq ki, II, III, IV, V və VI çağırış deputatı olan Siyavuş Novruzov bundan əvvəlki seçkilərdə 5 saylı Şahbuz-Babək dairəsindən seçilib. Lakin bu il ilk dəfə olaraq Siyavuş Novruzovun namizədliyi 2 saylı Şərur-Kəngərli seçki dairəsinə dəyişdirilib. Bu dəyişikliyin seçkilərdə onun səs toplamasına təsir edib-etməyəcəyi ilə bağlı sualımıza isə Siyavuş Novruzov cavab verməkdən yayınıb. Nuranə Daxilqızı, Bizim.Media