Siyasət

Baş prokuror: “Türk dövlətlərinin prokurorluq orqanları arasındakı əlaqələr gücləndirilməlidir” - FOTO

İyunun 5-də Baş prokuror Kamran Əliyev Azərbaycanda “Türk Dövlətlərinin hüquq tətbiqetmə fəaliyyətlərində rəqəmsallaşma və inteqrasiya” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçıları ilə görüşüb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən Bizim.Media-ya məlumat verilib. Baş prokuror Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Şimali Kipr Türk Respublikasından olan qonaqlara tarixi bağları və ortaq dəyərləri olan qardaş və dost türk dövlətlərinin müxtəlif qurumları, o cümlədən prokurorluq orqanları arasında əlaqələrin gücləndirilməsinin önəmli olduğunu bildirib. Kamran Əliyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğu, dövlət başçısının və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə Qarabağda sürətli bərpa və quruculuq işlərinin aparıldığı barədə qonaqları məlumatlandırıb. 2021-ci ilin noyabrında Bakıda Türk Dövlətləri Təşkilatının Baş Prokurorlar Şurasının yaradılmasının bu sahədə atılan mühüm addımlardan biri olduğu vurğulanıb. Şuranın üzv ölkələrin hüquq-mühafizə orqanları arasında əməkdaşlığı daha da dərinləşdirəcək və səmərəli fəaliyyət göstərməsinə imkan verəcəyi qeyd olunub. Baş prokuror böyük coğrafiyanı əhatə edən türk dünyasının hüquq-mühafizə orqanlarının akademik dairələri arasında qarşılıqlı və səmərəli əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırmaqla keçirilmiş konfransın müasir zamanın tələblərinə uyğun hüquq tətbiqetmə sahəsində rəqəmsallaşma üçün çağırışlara tutarlı cavab verməyə xidmət edəcəyini, mövcud potensialın inkişafında və qarşılıqlı fəaliyyətin əlaqələndirilməsində səmərəli vasitə olacağını bildirib. Konfrans iştirakçıları dövlətlərimiz və xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinə böyük önəm verdiklərini qeyd edib, peşəkar platformada, o cümlədən elm-tədris sahəsində əməkdaşlığın vacibliyini vurğulayıblar. Qonaqlar Baş Prokurorluğun Tarix muzeyində Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunan, həmçinin Azərbaycan Prokurorluğunun keçdiyi inkişaf yolunu özündə əks etdirən guşə və eksponatlarla tanış olublar. Bizim.Media