Mədəniyyət

Prezidentin təltif etdiyi incəsənət xadimlərindən ÖZƏL AÇIQLAMALAR

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncam Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə imzalanıb.  Bu münasibətlə Bizim.Media-nın əməkdaşı təltif olunan sənətkarlarla əlaqə saxlayıb.   

Onlar sevinc hisslərini bu sözlərlə dilə gətiriblər:  Xalq artistləri Mələkxanım Eyubova qeyd edib ki, Prezidentin bu təltifini çox sevinc və fərəh hissi ilə qarşılayıb:  “Təvazökarlıqdan uzaq olsa da, bu sənətdə musiqimizi və mədəniyyətimizi təmsil edən sənətkaram. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində 25 ildən artıqdır ki, professor olaraq illərdir, tələbələrə biliyimi, muğam sənətinin incəliklərini öyrədirəm. Biri var, sənətimə, biri də var ki, müəllimlik fəaliyyətimə qiymət verilsin.  Bilirsiniz ki, bu il təhsil ocağımız ADMİU-nun 100 illik yubileyidir. Cənab Prezidentə bu əlamətdar gündə məni və mənim kimi digər sənətkarları təltif etdiyinə görə dərin minnətdarlığımı bildirirəm. Dövlət başçısı hər hansı sahədə olursa, olsun, hər kəsin əməyini, zəhmətini hər zaman qiymətləndirir. İnanın ki, bu xəbəri mənə söyləyəndə əvvəlcə inanmadım.  O qədər sevincliyəm ki...  Universitetimizdə sevə-sevə çalışan bütün müəllimləri, sənətkarları təltif olunmaqları ilə əlaqədar ürəkdən təbrik edirəm. Bu il çox böyük tədbirlər keçirildi. Mən də məmnuniyyətlə o tədbirlərdə iştirak etdim. O qədər həyəcanlıyam ki, başqa söz deyə bilmirəm. Prezidentimizin bizim çıxışımıza söylədiyi adi bir “sağ ol” sözü və bəyənməsi böyük sevincdir. Görün, indi onun bizi fəxri diplomla təltif etməyi necə böyük fəxrdir. Tələbələrimə verdiyim o biliyin bu gün bəhrəsini gördüm. Çox sevincliyəm”.  Xalq artisti Səkinə İsmayılova da çox sevincli olduğunu bildirib:  “Bu il müəllim kimi fəaliyyət göstərdiyim ADMİU-nun 100 illik yubileyidir. Bu münasibətlə Prezidentimiz məni və bir çox müəllim heyətini və çalışan digər insanları təltif etdi. Bu siyahıda olmağım mənim üçün çox dəyərli və qiymətlidir. Əlbəttə ki, çox sevincliyəm. Cənab Prezidentimizə təşəkkürümü bildirirəm ki, mənə və bizim universitetimizə diqqət göstərib”.  Xalq artisti Həmidə Ömərova da təlfitə görə Dövlət başçısına təşəkkürünü bildirib:  “Siz zəng etməmişdən əvvəl tədris apardığım ADMİU–nun digər müəllim heyəti ilə danışıb, sevinc hisslərimizi bölüşürdüm. Əlbəttə ki, bu təltifə görə Cənab Prezidentimizə dərin təşəkkürümü bildirirəm. Hamımızın xidməti var. Müəllim kimi şərəfli ad daşıyırıq və bu yolda çox zəhmətimiz var. Prezidentimiz bizi gördüyümüz bu işlərə görə qiymətləndirib”.  Əməkdar artist Gülşad Baxşıyeva da təltif olunması ilə bağlı xəbəri sevinclə qarşılayıb: “Çox təsirləndim, həyəcanlandım. Ürəyim çırpılmağa başladı. Bu xəbəri mənə çatdıranda əvvəlcə inanmadım. Hisslərimi gizlədən insan deyiləm. Gözlərim doldu, az qaldı ağlayım. Ona görə yox ki, mənə pul verəcəklər. Sevinirəm ki, mən yaddan çıxmadım.  İçimdə hər zaman belə bir hiss var idi ki, nə üçünsə yaddan çıxıram, məni yada salmırlar, mən şöhrətpərəst insan deyiləm. Amma bəzən bu hisslər olur. Hamı təltif olunsun. Bəs, məni niyə təltif etmədilər? Bu hiss hər zaman içimdə olurdu. Son dövrlər bu hissləri içimdən uzaqlaşdırmışdım. Vermirlər, vermirlər də... Demək ki, layiq deyiləm...  Amma indi bu mükafata layiq görülməyim mənim üçün çox böyük dəyər və qiymətdir. Allah Prezidentimizə uzun ömür, can sağlığı versin. Bizi çox sevindirdi. Allah onu dövlətimizin və respublikamızın başının üzərindən əksik etməsin. O, böyük siyasətçidir. Nə gözəl ki, onun diqqətindən kənar qalmadım”.  Qeyd edək ki, M.Eyubova, İ.N.Kamal, S.İsmayılova və H.Ömərova “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. G.Baxşıyevaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.  Rəşad Əliyev, Bizim.Media