Mədəniyyət

Antalyada azərbaycanlı sənətçilərin konserti keçirildi - FOTO

Türkiyədə keçirilən III Beynəlxalq Antalya Yörük Türkmən Festivalı çərçivəsində azərbaycanlı sənətçilərin təntənəli konsert proqramı təşkil olunub. Bizim.Media xəbər verir ki, ölkəmiz festivalda Türkiyədəki səfirliyimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi ilə Antalya Azərbaycan Mədəniyyəti və Həmrəyliyi Dərnəyinin təşkilatçılığı ilə təmsil edilib. Festival çərçivəsində Azərbaycanın Xalq artisti Azərin, Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin solisti Vüsalə Əsgərova, mərkəzin “Xəzər” Xalq Rəqsləri Ansamblı, eləcə də tarzən Pərviz Musayevin iştirakı ilə möhtəşəm konsert proqramı keçirilib. Sənətçilərimizin ifasında səsləndirilən milli və xalq musiqilərimiz tədbirə xüsusi rəng qatıb. Konsertdə Türk dünyası arasında həmrəylik, Vətən, Azərbaycan-Türkiyə qardaşlığına həsr olunmuş mahnılar, “Azərbaycan suitası”, “Cəngi” kimi milli rəqslərimiz tamaşaçılara təqdim edilib. Sənətçilərimizin çıxışı festival sahəsində toplanan tamaşaçılar tərəfindən xüsusi alqış və birlik şüarları ilə qarşılanıb. Proqramdan sonra çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov tədbirin təşkilatçılarına təşəkkürünü ifadə edərək, Türkiyə-Azərbaycan, eləcə də bütün türkdilli xalqların birliyinin ölkələrimiz üçün əhəmiyyətini vurğulayıb. Qeyd edək ki, Antalyanın bənzərsiz təbii gözəllikləri ilə əhatə olunmuş Döşemealtı Düzlerçamı Karaman piknik sahəsində təşkil olunan festivalı bu il təxminən 350 mindən artıq insan ziyarət edib ki, bu da rekord göstəricidir. Üç gün davam edən festivala yerli əhali ilə yanaşı, Antalyada olan turistlər də böyük maraq göstərib.  

Festivalın əsas məqsədi yörük mədəniyyətini gələcək nəsillərə əhatəli şəkildə çatdırmaqdır. Bizim.Media