Siyasət
“Liberties”: Avropa İttifaqında demokratiya geriləyir (HESABAT)
"Avstriya, Fransa və Almaniya komissiyanın tövsiyələrini yerinə yetirməlidirlər. Onların bunu etməmələri başqalarını da belə hərəkətə təşviq edir"
"Avropa Komissiyasının blokdakı demokratik standartların illik hərtərəfli auditi həddən artıq optimist olsa da nəticə etibarilə səmərəsizdir, çünki tövsiyələrlə bağlı heç bir icra mexanizminə malik deyil".
Qaynarinfo "The Guardian"-a istinadən xəbər verir ki, bu barədə Avropanın aparıcı vətəndaş azadlıqları şəbəkəsi olan "Avropa üçün Vətəndaş Azadlıqları İttifaqı -"Liberties” bildirib.
Qeyd edək ki, sözügedən qurum tərəfindən Avropa İttifaqı məkanında qanunun aliliyi ilə bağlı illik hesabatların hazırlanmasına beş il əvvəl başlanılıb və hesabatlarda demokratiyada geriləmə, o cümlədən korrupsiya, müstəqil mediaya və məhkəmə sisteminə hücumlar əsas "silah” kimi təqdim olunur.
Aİ-nin vətəndaş azadlıqları şəbəkəsi "Liberties" bazar ertəsi günü bir sıra "əhəmiyyətli çatışmazlıqları” vurğulayaraq Komissiyanın İttifaqda qanunun aliliyini qorumaq üçün "sürətli və qəti tədbirlər” görməsinin vacib olduğunu bildirib.
"Qanunun aliliyi ilə bağlı illik hesabat pozuntuları aşkar etmək baxımından mütləq faydalıdır – monitorinq vasitəsi kimi effektivdir,” deyə "Liberties" təşkilatının hüquq üzrə eksperti Viktor Kazai bildirib.
"Lakin bu hesabatın nə demokratik standartlarla bağlı Aİ-nin maliyyələşdirilməsini şərtləndirən yeni qanun, nə də "nüvə variantı” adlanan 7-ci maddə proseduru kimi sanksiya mexanizmləri ilə əlaqəsi var. Buna görə də hesabat "tətbiq vasitəsi kimi tamamilə təsirsizdir”, deyə Kazai əlavə edib.
Bu ilin iyul ayında dərc olunan hesabatda İtaliyada media azadlıqlarının azalması xüsusi tənqid olunub. Lakin bəzi mənbələrə görə, Komissiya prezidenti Ursula von der Leyen hesabatın dərcini Romadan dəstək qazanmaq üçün gecikdirib. Von der Leyen iyulun sonunda ikinci müddətə Aİ-nin icra orqanına rəhbər seçilib və Komissiya hesabatın gecikdirilməsinin Corca Meloni hökumətinə güzəşt kimi edilmədiyini bildirib.
"Liberties” təşkilatının "Fərqlilik Təhlili” adlı sənədində isə Komissiyanın qanunun aliliyinə üstünlük vermək öhdəliyi təqdir olunsa da, hesabatda problemin miqyasına dair "şişirdilmiş ritorika” tənqid edilib.
Von der Leyenin rəhbərlik etdiyi ikinci komissiya ilin sonuna qədər fəaliyyətə başlayacaq və "Liberties” təcili olaraq Komissiyanın strateji yanaşmasında "əhəmiyyətli irəliləyişlər” etməyə çağırıb.
Hesabatda Komissiyanın 2024-cü il sənədində 2023-cü ilə aid tövsiyələrin 68%-nin icra olunduğunu iddia etdiyi bildirilir. Lakin "Liberties” bunun həqiqəti əks etdirmədiyini, əksinə, bir çox islahatların yalnız elan edildiyini və ya icraya başlanılsa da, tam başa çatmadığını qeyd edib.
Beləliklə, 2023-cü il tövsiyələrinin faktiki olaraq yalnız 19%-nin həyata keçirildiyi bildirilir.
Qanunun aliliyi baxımından geriləmə olan Bolqarıstan, Macarıstan, Malta, Polşa və Rumıniya kimi ölkələrdə Komissiyanın tövsiyələrinin ya tamamilə, ya da qismən rədd edildiyi vurğulanıb.
Bəzi inkişaf etmiş demokratiyalar da tövsiyələrə əməl etməkdən imtina edir və ya minimum səviyyədə icra edirlər. "Avstriya, Fransa və Almaniya həqiqətən də Komissiyanın tövsiyələrini yerinə yetirməlidir,” Kazai bildirib: "Onların tövsiyələrə əməl etməməsi başqalarını da buna həvəsləndirir.”
Kazai əlavə edib ki, "Komissiya bəzən irəliləyiş olmayan yerlərdə belə, irəliləyiş gördüyünü düşünür.”
"Liberties”in fikrincə, hesabatın həqiqətən effektiv olması üçün Aİ-nin qanunun aliliyi alətlər qutusuna tam inteqrasiya edilməli, tövsiyələrə əməl edilmədiyi halda isə dərhal sanksiya tədbirləri tətbiq olunmalıdır.
Komissiyanın tənqidləri nəzərə almağa başladığına dair bəzi əlamətlər də var. Kazainin sözlərinə görə, yeni ədliyyə komissarının tapşırıq məktubunda hesabat ilə icra mexanizmləri arasında daha sıx əlaqələrin yaradılması planlaşdırılır.
"Bəzi hökumətlər tərəfindən qanunun aliliyi sistemli şəkildə dağıdılır və növbəti komissiya daha yaxşı iş görməlidir,” Kazai vurğulayıb.
"Qanunun aliliyi böhranı başlayandan 14 il keçib. Daha gözləyə bilmərik – Macarıstanda baş verənlərin Slovakiyada da təkrarlanmasına imkan verilməməlidir.”
Aydın