Dünya

"Şimali koreyalılar zombiləşdirilmiş hərbçilərdir, onlar Rusiyaya uğur gətirməyəcək" (ŞƏRH)

"Şimali Koreyadan gələn hərbi kontingent müharibədə Rusiyaya hər hansı bir uğur qazandırmayacaq".  Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Şimali Koreyadan 10 minlik hərbi kontingentin Rusiyanın tərəfindən Ukrayna cəbhəsinə göndərilməsi məsələsini şərh edərkən deyib. "Volodimir Zelenski Ukrayna Ali Radasında çıxışında qeyd edib ki, Ukrayna 3 ölkə ilə-Rusiya, İran  və Şimali Koreya ilə müharibə aparır. Artıq məlumatlar var ki, Rusiya ordusunun tərkibində Şimali Koreyadan gətirilən hərbçilər də döyüşür. Onlardan hətta 4 nəfərinin döyüş meydanından qaçması da ictimailəşdirilib. Şimali Koreya hərbçiləri zombiləşdirilmiş hərbçilərdir. Onlar üçün rus komandirlərilə və rus cəbhəsində savaşmaq çətin olacaq. Bu hərbçilər relyefi də yaxşı tanımır, yerə yaxşı bələd deyillər. Ona görə də Şimali Koreyadan gələn hərbi kontingent Rusiya üçün müharibədə hər hansı bir uğur gətirməyəcək. Onlar daha çox Rusiyanın işğal etdiyi ərazilərdə komendant xidməti həyata keçirəcək. Amma bu da onlar üçün çətin olacaq. Yaxın günlərdə bunun şahidi olacağıq. Onu da deyim ki, bu ordunun gəlməsinin əvəzi olaraq Rusiya Şimali Koreyaya ucuz qiymətə neft-qaz verir", deyə Üzeyir Cəfərov bildirib.   Ekspertin fikrincə, Qərbin Şimali Koreya ordusu ilə bağlı məsələyə cidid reaksiya verməməsi də onu göstərir ki, həmin qüvvələrin Ukrayna cəbhəsinə cəlb edilməsi Rusiya üçün hər hansı bir nəticə verməyəcək: "Qərbin bu məsələdə hansısa təsir mexanizminə əl atacağını düşünmürəm".   Qeyd edək ki, xarici mətbuatın yazdığına görə, Rusiya Uzaq Şərqdə 10 mindən çox şimal koreyalı hərbçinin hazırlığını aparır. Bildirilir ki, onların hazırlığı Ukrayna yaxınlığındakı sərhəd bölgələrinə göndərilmək və Rusiya ordusunun şəxsi heyətini boşaltmaq üçün aparılır. Daha əvvəl ABŞ-ın Müharibəni Araşdırma İnstitutunda "bir neçə min" Şimal Koreyalı piyadanın Rusiya ərazisində hazırlandığı bildirilib. Həmin dövrdə bu hərbçilərin Ukrayna cəbhəsinə və ya Rusiyanın sərhəd bölgələrinə göndəriləcəyi, "müharibə əməliyyatları üçün ehtiyatların azad edilməsi" məqsədilə nəzərdə tutulduğu da vurğulanmışdı.  Rüfət Sultan