Mərhum xalq artisti, məşhur gülüş ustası Nəsibə Zeynalovanın adını daşıyan nəvəsi Nəsibə Əsgərova 36 ildən sonra, yenidən Qusarın Həsənqala kəndinə gəlib. Onlar burada mərhum jurnalist, Nəsibə Zeynalovanın çox yaxın dostu olmuş Nəbi Rzayevin evində olublar. Bu barədə Nəbinin həyat yoldaşı Nazilə Rzayeva Bizim.Media-ya məlumat verib. Onun sözlərinə görə, "xalq artisti Nəsibə Zeynalova oğlu Cahangir Novruzov və nəvələri Nəsibə və Nəzrinlə Nəbinin sağlığında bu evdə dəfələrlə qonaq olublar. Sonuncu dəfə Nəsibə xanım və yaxınları Həsənqala kəndinə 1988-ci ildə gəlmişdilər. Mən və Nəbi Nəsibə Zeynalova ilə sonuncu dəfə 2002-ci ildə Bakıda görüşmüşük. Nəbi ilə Nəsibə Zeynalovanın son görüşü elə həmin vaxt olub." Qeyd edək ki, Xalq artisti Nəsibə Zeynalova 2003-cü ildə, Nəbi Rzayev isə 2010-cu ildə dünyalarını dəyişib. Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu