Mədəniyyət

Sibel Can bəstəkarımızın mahnısını OĞURLADI – Ailəsi müğənnidən TƏZMİNAT ALACAQ? – VİDEO

Türkiyəli müğənni Sibel Canın öz mahnısı kimi oxuduğu "Tamam o zaman" bəstəsi plagiat çıxıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, sözügedən bəstə aranjeman edilərək qismən dəyişdirilsə də, azərbaycanlı bəstəkar Tahir Əkbərin "Gülüb getdi" mahnısının plagiatıdır. Qeyd edək ki, Tahir Əkbər "Gülüb getdi"ni 1987-ci ildə bəstələyib. Sibel Can isə bundan 28 il sonra Ayman Bahqat Amar və Tamer Alinin bəstələdiyi deyilən həmin ifanı səsləndirib. Maraqlıdır, mərhum bəstəkar Tahir Əkbərin ailəsi Sibel Candan təzminat alacaqmı?  Mərhum bəstəkarın həyat yoldaşı Aybəniz Əkbər Bizim.Media-ya açıqlamasında heç bir quruma müraciət etmək fikrində olmadıqlarını deyib: “Həmin mahnını dinlədim, bütün nəqarət hissəsi oğurlanıb. Heç bir quruma müraciət etmək fikrində deyiləm. Bilirəm ki, şikayət etsək belə, Müəllif Hüquqları Agentliyindən heç bir reaksiya olmayacaq. Ona görə ki, bundan əvvəl də türkiyəli kanon ifaçısı Halil Karadumanın “Rüyalarda buluşuruz” mahnısı Tahir Əkbərin “Əzizim” bəstəsinin notbanot plagiatı idi.  Tahir müəllim “Əzizim” mahnısını 1989-cu ildə ərsəyə gətirib və Nisə Qasımova onu ifa edib. Tahir müəllim hələ sağ idi, bu məsələ ilə bağlı hətta Türkiyə səfirliyi ilə görüşdü, notlarını göstərdi, səfirin həyat yoldaşı Məltəm xanım öz ölkəsinə zəng etdi ki, türk xalqına dələduzluq etmək olmaz. Bununla bağlı Müəllif Hüquqları Agentliyinə də müraciət etdik, lakin heç kim reaksiya vermədi. Üstəlik bizə deyildi ki, Azərbaycanda bu mahnı Tahir Əkbərin adına olsun, Türkiyədə də onların…”  Aybəniz Əkbər qeyd edib ki, Tahir Əkbər sıradan bəstəkar olmayıb, Azərbaycanı bir neçə dəfə xaricdə təmsil edib: “2008-ci ildə Briliant Dadaşovanın ifasında Tahir Əkbərin “Amin” bəstəsi qızıl diskə salınıb. Avropanın 20 ölkəsində səslənib. Bundan başqa, onun “El oğlu, hay ver” əsəri Şanxayda keçirilən yarışmada 30 ölkə içində Azərbaycana birincilik gətirib. Kim harada istəyir Tahir müəllimin əsərlərindən istifadə edir və az qala deyirlər ki, “biz yazmışıq”.  Qeyd etdiyim kimi, Sibel Canın mahnısının Tahir Əkbərin bəstəsinin plagiatlığı ilə bağlı heç bir quruma müraciət etmək istəmirəm. Tahir Əkbər beyin əməliyyatı keçirmişdi və əsəbdən öldü. Mənim bir qızım var və tez ölmək istəmirəm”.  Məsələ ilə bağlı Müəllif Hüquqları Agentliyinə də müraciət etdik.  Qurumdan hələki sorğumuza cavab verilməyib. Mövzunu davam etdirəcəyik.  

Nuranə Daxilqızı, Bizim.Media