Mədəniyyət Nazirliyi yanında Teatr-tamaşa müəssisələrinin illik repertuarlarının qiymətləndirilməsi üzrə Ekspert şurası yaradılıb. Şura, teatrların təklif etdiyi illik repertuarların və dövlət sifarişi əsasında hazırlanan tamaşaların müvafiq teatrların profilinə, onların milli-mənəvi dəyərlərə, vətəndaş, cəmiyyət və dövlətin maraqlarına, sahə üzrə qabaqcıl təcrübəyə və keyfiyyət meyarlarına uyğunluğunun təmin edilməsinə nəzarəti həyata keçirir.
Ekspert şurasında teatr sahəsinə aid peşəkar insanlar toplaşsa da şuranın repertuarlara nəzarəti teatra senzuranın tətbiq olunacağı fikrini formalaşdırıb. Cəmiyyətin bəzi nümayəndələri mədəniyyət sahəsinin, rejissorluq, aktyorluğun azad mühitdə daha çox inkişaf etdiyini əsas gətirərək şuranın nəzarətinin sənətə müdaxilə kimi qavranılacağından narahatdırlar. Məsələ ilə bağlı Bizim.Media-ya danışan Pantomima Teatrının direktoru, Əməkdar artist Elman Rəfiyev isə başqa fikirdədir. O hesab edir ki, şuranın nəzarəti keyfiyyətə təsir edəcək: “Nazirlikdə teatrların baş rejissorları və bədii rəhbərləri ilə görüş keçirildi. Elə bu sual orada da səsləndi. Bildirildi ki, şuranın məqsədi teatrların fəaliyyətinə qadağa qoymaq deyil. Teatrlar yenə də sərbəst formada öz repertuarlarını seçəcəklər. Sadəcə, o repertuarın bugünkü gündə aktuallığı, tamaşaçının onu necə qavrayacağı məsələsi var. Şura təklif edə bilər ki, bunu indi yox, başqa vaxt eləsəz yaxşı olar. Yəni bunlara nəzarət olacaq. Yoxsa şura hansı tamaşanın hazırlanıb, hansının hazırlanmamasına qərar verməyəcək. Nəzarət olanda keyfiyyət də olur, nəzarətsiz qalanda keyfiyyət olmur. Şurada oturan adamlar da hamısı peşəkar, tanınmış teatrşünaslar və bu işi bilən insanlardır. Hər teatrın özünün spesifik janrı var, gərək o janrlardan kənara çıxmasınlar. Əlbəttə, kənara çıxmalar mümkündür, amma aşırı dərəcədə yox. Yəni bu nəzarət ona da dəlalət edəcək”. Aktyor nazirlə görüşdə repertuarların şuranın təyin etməsi məsələsinə də aydınlıq gətirildiyini bildirib: “Nazir bildirdi ki, siz yenə də öz repertuarınızı özününüz təyin edəcəksiniz, sadəcə, şura nəzarət edəcək. Yəni şuranın işi hansı tamaşanın tamaşaçının bugünkü istəyinə uyğun olub olmasına nəzarət etməkdir”. Günay Şahmar, Bizim.Media