İnternetin, onlayn video platformaların, sosial şəbəkələrin olmadığı dövrdə insanlar yeni istehsal olunan filmlərə kinoteatrlarda baxırdılar. Kinoteatrlarda nümayiş olunan filmlərə baxmaq üçün növbələr yaranırdı. Bu məqsədlə paytaxtda və bölgələrdə bir neçə kinoteatr fəaliyyət göstərib. İndi həmin kinoteatrların sayı azalıb, bəzi kinoteatr binaları özəlləşdirilərək təyinatı dəyişdirilib, bəziləri isə sökülüb. Hazırda həmin kinoteatrlar ancaq yaşlı insanların xatirəsində qalmaqdadır. Dövrün tələbinə uyğun alternativlərin olduğunu nəzərə alsaq tamaşaçı sayının azlığı başa düşüləndir. Buna rəğmən statististik rəqəmlərdən xeyli sayda insanın kinoteatrlara həvəs göstərdiyi məlumdur. Həmçinin, bəzi kinoteatr binaları həm də unikal memarlıq üslübü ilə seçilib. Belə kinoteatrlardan biri Bakının mərkəzində yerləşən “Azərbaycan” kinoteatrıdır. Binanın inşasının XIX əsrə aid olduğu yazılır, bina “Mirzə Avakovun və Qarabəyovun evi” adlanıb. Formasına görə, “Ütü ev” deyənlər də olub. 1909-cu ildə “Ekspress” adı ilə fəaliyyətə başlayan kinoteatr 1920-ci ildə “Qırmızı şərq”, 1940-cı illərdə isə “Azərbaycan” adlandırılıb. Kinoteatrın 2011-ci ildə fəaliyyəti dayandırılıb. Bina özəlləşdirilib və 2016-cı ildə təmiri yekunlaşan kinoteatrın bir hissəsində (1350 kvadratmetr) “Hard Rock” kafesi, bir hissəsi isə “CinemaPlus” premium kinoteatrlar şəbəkəsinin tərkibində fəaliyyət göstərir. Bu ilin yayında sözügedən kafe bağlanıb. Hazırda kafenin yerləşdiyi ərazi boşdur. Vaxtilə bütövlükdə fəaliyyət göstərən kinoteatr isə sadəcə 2 mərtəbə, 3 zal və 190 oturacaq yerdən ibarətdir. Sözügedən kafe bağlandıqdan sonra Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və bir neçə kino xadimi sosial şəbəkədə kinoteatrın zallarının qaytarılması ilə bağlı çıxış etdilər. Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibi Əli İsa Cabbarov Bizim.Media-ya açıqlamasında bildirib ki, kafenin ərazisinin kinoteatr zalına çevrilməsi bir arzudur: “Bu, rəsmi müraciət deyildi. Ora artıq özəlləşdirilib və kafenin, həmin ərazinin profilinin dəyişdirilməsi ilə bağlı təkid oluna bilməz, yalnız arzu oluna bilər”. Günay Şahmar, Bizim.Media